Pambıq bitkisinin mühit amillərinə tələbatı
Digər bitkilər kimi pambıq da öz inkişafında əsas yaşayış amilləri hesab olunan işığa, istiliyə, suya, torpaq və qida maddələrinə tələbkardır. Çiyidin cücərməsi üçün torpaqda kifayət qədər nəmlik, temperatur, hava olmalıdır. Cücərmə zamanı birinci dəfə kök çiyidin nazik hissəsindəki deşikdən çıxıb torpağın dərininə istiqamətdə böyüməyə başlayır. Elə bu vaxt da gövdə hissəsində böyüyən filqə yarpaqları torpaq səthinə çıxır. Filqə yarpaqları torpaq səthinə çıxdıqdan sonra yaşıllaşır, kök isə sürətlə inkişaf edib torpağın dərinliyinə gedir.
İstilik tələbatı
Pambıq istiliyə çox tələbkar bitki olub bu da onun ilk mənşə mərkəzlərinin tropik ölkələr olması ilə əlaqədardır. Bu baxımdan pambıq bitkisi ölkəmizin isti zonalarında geniş becərilir. Toxumun cücərməsi də daxil olmaqla pambığın yaxşı inkişaf edib məhsul verməsi üçün optimal temperatur 25-30 dərəcə Selsidir. Temperatur 25 dərəcə Selsidən aşağı düşdükdə bitkinin inkişafı ləngiyir, 20 dərəcə Selsidə istilik çatışmadığı hiss edilir. 17 dərəcə Selsidə isə bu hal daha aydın nəzərə çarpır. Müxtəlif sortlarda istiyə olan tələbatda da müəyyən fərq vardır. Bəzi sortların toxumları 7-8 dərəcə Selsi temperaturda cücərdiyi halda bəziləri cücərmə üçün 10-15 dərəcə Selsi temperatur tələb edir. Temperaturun dərəcə Selsidən aşağı düşməsi, yəni şaxtaların başlanması bitkini məhv edir. Körpə cücərtilər mənfi 1-2 dərəcə Selsidə, daha yaşlı bitkilər isə 3-5 dərəcə Selsi şaxtada məhv olur. Aşağı temperaturun pambığa təsiri havanın nisbi rütubətindən, tarlaqoruyucu meşə zolaqlarının olmasından, küləkdən və sairdən asılıdır. Pambıq bitkisinin böyümə və inkişaf proseslərinin dayanmasına səbəb olan ən yüksək temperatur həddi 35 dərəcə Selsidən yuxarı hesab edilir. Bu həddən yüksək temperaturda bitkinin toxumları daha çox qızır və inkişafı dayanır. Ona görə də isti yay günlərində pambıq, əsasən, gecə, yəni sərində böyüyür. Temperaturun 30 dərəcə Selsidən yuxarı qalxması böyümə prosesini məhdudlaşdırdığı kimi çiçək və tozcuqların həyat qabiliyyətini, nəsil verməsini də zəiflədir. Bu, yetişmiş qozalarda puç çiyidin çoxalmasına və faraş bar orqanlarının kütləvi surətdə tökülməsinə səbəb olur.
Pambıq bitkisinin işığa münasibəti
Pambıq işığa tələbkar bitkidir. Bütün gün ərzində günəş şüalarının düşdüyü açıq sahələr pambıq üçün əlverişli sayılır. Belə şəraitdə pambıq bitkisi öz yarpaqlarını günəş şüalarına perpendikulyar vəziyyətdə saxlamağa çalışır. Günəş batanda isə yarpaqlar aşağı sallanır, sanki “yatır”. Əksər pambıq sortları qısa gün (9-10 saatlıq) sevən bitkilərdir. Gün ərzində işıqlı saatların uzunluğu bitkinin normal inkişafı üçün əhəmiyyətlədir. Pambıq yarpaqlarının daimi günəşə tərəf çevrildiyi asan müşahidə olunur . Çox davam edən buludlu və dumanlı günlər pambıq bitkisinə pis təsir göstərir, onun vegetasiya dövrünü uzadır. Yetişmə və qozaların açılması gecikir. Günəş işığının azlığı bar orqanlarının tökülməsinə də səbəb ola bilər. Pambıq bitkisinin bütün növləri qısa gün tələb edir. Yaxşı barvermə günün uzunluğu 10-12 saat olduğu vaxt müşahidə edilir. Pambıq bitkisində çıxış alındıqdan 3-9 gün sonra qısa gün təsirinə həssaslıq hiss edilir. Elə bu xüsusiyyətinə görə pambıq bitkisini qısa müddətdə əkir və məhsulunu götürürlər. Pambıq bitkisinin vegetasiya müddəti, təxminən 6 ay çəkir ki, bu da əsasən, yay dövrünə, az halda isə yaz və payız fəslinə təsadüf edilir. Həmin dövrdə, əsasən, günəşli günlərin sayı çox olur və bitki yaxşı məhsul verə bilir.
Torpağa tələbatı
Torpaq başqa bitkilər kimi pambıq üçün də əsas qida mənbəyidir. Qabaqcıl təsərrüfatlar elə bu səbəbə görə də torpağın yumşaq, nəm, qida maddələri ilə zəngin olmasına xüsusi qayğı göstərir. Pambıq bitkisi mexaniki tərkibcə müxtəlif torpaqlarda bitir. Mexaniki tərkibinə görə pambıq üçün yüngül gillicəli torpaqlar ən yararlı sayılır. Ağır gilli torpaqlar pambıq üçün az əlverişlidir , lakin bununla belə bu torpaqlarda yaxşı becərmə gedərsə (gübrələmə, suvarma və digər), o zaman yüksək pambıq məhsulu almaq olar. Pambıq əkilən torpaq nə qədər strukturalı (dənəvər) olarsa, bitki bir o qədər yaxşı inkişaf edər. Struktursuz torpaqlarda daha çox qaysaq əmələ gəlir və onların su-fiziki xassələri əlverişsiz halda olur və bundan ilk olaraq pambıq bitkisinin yeni əmələ gəlmiş cücərtiləri əziyyət çəkir, onlar zəif inkişaf edir və qaysaq bitkinin zəif cücərtilərini kök boğazından sıxır. Struktursuz torpaqların su-hava rejimi pisləşdiyindən isti havalarda qaysaq təbəqəsi bərk qızır və pambığın zəif cücərtiləri məhv olur. Bəzən belə struktursuz torpaqlarda cücərti almaq mümkün olmur və təkrar səpinlər aparılır.