Pomidorun gübrələmə prosesi

17 February 2021

Pomidorun  gübrələmə prosesi

Pomidorun gübrələnməsində, gübrə seçimində bir çox fərqli amillər var.

Seçim aşağıdakı meyarlara əsasən aparılır:

  1. Yetişdirmə növü
  2. Xərclər
  3. Məhsul və istifadəsi haqqında ümumi məlumat
  4. Torpağın xüsusiyyətləri

Pomidor  bitkisi  qidalanmaya  çox  tələbkardır.  Əkin  sahəsinə  veriləcək  mineral  gübrələrin  miqdarı,  torpağın  aqrokimyəvi  analizindən  sonra,  planlaşdırılmış  məhsula  görə  təyin  edilir.  Bu  zaman  müxtəlif  qida  maddələrinin mənimsənilə bilən miqdarının çatışmayan hissəsi torpağa vegetasiya dövründə 2-3  dəfə verilir. Ümumiyyətlə, əkinçilər əkindən məhsula qədər 2-3 aylıq yetişmə dövründə 0 -10 dəfə gübrələmə edirlər. Bir çox fermer əkin etdikdən iki ay əvvəl əkin sıralarını yanmış gübrə ilə gübrələyir. Bundan əlavə, əkin əvvəli gübrə kimi, azot miqdarı yüksək olan gübrə tətbiq edirlər.

Gübrələmə sisteminə əsas və əlavə yemləmə şəklində verilən gübrələr daxildir. Əsas gübrələmə şumqabağı torpağın hər hektarına 20 ton peyin, fosfor və kalium gübrələrinin 50%-ni əsas şum altına, 20%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 30%-i isə ilk meyvə əmələ gələn vaxt verilir. Azot gübrəsinin 30%-i yazda ikinci şum altına, 40-45%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 25-30%-i isə ilk meyvə əmələ gələn dövrdə verildikdə yaxşı nəticə alınır.

Açıq sahədə əkilən pomidor bitkisinə, adətən,  mineral azot gübrələri əlavə gübrə kimi iki dəfə- kiçik meyvələr əmələ gələn zaman və yığımdan əvvəl verilir. Əlavə olaraq bitkilərin kompleks yemləndirilməsi üçün kompleks gübrələrdən istifadə olunması məsləhət görülür. Hər 0,1 hektar sahəyə 40 kiloqram kompleks gübrədən (azot-16 faiz, fosfor-16 faiz, kalium-16 faiz) istifadə oluna bilər. Əlavə yemləmə zamanı üzvi gübrələrdən və peyin şirəsindən istifadə olunması məsləhətdir. Peyin şirəsi verilən zaman məhsul artımı və onun keyfiyyəti yüksəlir. Peyin şirəsindən istifadə eləməklə əldə edilən məhsul insanların səhhətinə əlavə təsir göstərmir. Peyin şirəsini 1-2 dəfə vermək məqsədəuyğundur.

Yetişmə  dövründə pomidorun fosfora ehtiyacı olduqca yüksəkdir. Fosfor çatışmazlığı özünü daha çox süni işıqlandırma və aşağı temperatur şəraitində göstərir.  Fosforun qəbulu  ilə temperatur arasında da sıx bir əlaqə var. Fosfor çatışmazlığı zamanı yarpaqların kənarları və alt hissələrinin bənövşəyi rəngə dönür. Bəzən də fosforun nöqsanları onun az olması ilə deyil,  torpağın və havanın aşağı tempraturu ilə əlaqələndirilə bilər.  Çünki fosforun qəbulu  aşağı temperaturda dayanır. Bu vəziyyətdə qış aylarında fosfor gübrəsi vermək əvəzinə torpağın istiliyinin 15 dərəcədən yuxarı qaldırılması lazım olduğunu unutmamalıyıq.