Üzümçülükdə budama qaydaları

17 February 2021

Üzümçülükdə budama qaydaları

Üzümlüklərdə tənəklərin düzgün və vaxtında budanması vacib tədbirlərdən biridir. Noyabrda üzümlüklərdə yarpaqlar töküləndən 15-20 gün sonra (noyabrın 15-20-dən sonra) budama işlərinə başlanmalıdır. Budama zamanı çubuqların buğumaralarının normal uzunluqda olması vacibdir. Çox qısa və çox uzun buğumarasına malik olan zoğlardan bar budaqlarının və əvəzedici çiliyin saxlanılması məqsədəuyğun deyil. Həmçinin budama zamanı birillik zoğların dib gözlərinin barvermə xüsusiyyətləri də nəzərə alınmalıdır.

  • Üzümçülükdə budama prosesin etməkdə əsas məqsəd:
  • İlk 2-3 ildə qış və yaz budama ilə üzümün qorunması, sortun və kök bitkisinin böyüməsini təmin etmək
  • Fizioloji tarazlığı pozmadan məhsuldarlığı və keyfiyyəti  mümkün olan ən yüksək səviyyəyə qaldırmaq və bu səviyyəni  uzun müddət saxlamaq;
  • Yaşlanma və ya müxtəlif səbəblərdən zəifləmiş və ya deformasiyaya uğramış bitkiləri canlanmasını təmin etməkdir.

Bar zoğlarının kəsilmə uzunluğuna görə isə tənəklər qısa, orta və uzun budanır.

Qısa budama: Dib gözləri barlı olan üzüm sortlarında zoğların 1-3 gözə kəsilməsidir. Bu zaman ikiillik budaqdan 0,5 sm məsafədə yerləşən gözlər nəzərə alınmır. Bu kəsməyə yanaşmalar müxtəlifdir. Bəzi müəlliflər zoğların 2-3, bəziləri isə 4-5 gözcüyə kəsilməsini məqsədəuyğun hesab edirlər. 2-3 gözcüklü kəsmələri əsasən çardaq, xiyaban, yaxud alleya və divaryanı üzümlükdə tətbiq etmək olar. Ümumiyyətlə isə, qısa kəsmə kimi 4-5 gözcük əsas götürülə bilər. Bunlar da tənəyə verilən formadan, tənəyin boy gücündən, torpaq-iqlim şəaitindən asılıdır. Bu cür budamaya üzümçülüklə məşğul olan ölkələrdə münasibət müxtəlifdir. Bu zaman əsas məqam odur ki, tənəklərin bar zoğları boyunca gözcüklərin barvermə xüsusiyyəti nəzərə alınaraq budanmalıdır. Bu budama isə istehsalçının maraq və istəyinə uyğun olaraq məqsədyönlü məhsulun alınmasına imkan verməlidir.

Orta budama: Bar zoğlarının 6-8 gözcüyə kəsilməsi orta kəsmə hesab edilir.

Uzun budama: Bu zaman zoğlarda 9-10 gözcükdən 15-20-yə qədər gözcük saxlanıla bilər. Bu göstəricilər konkret olaraq kəsmə növlərindən, torpaq-iqlim şəraitindən və sortun bioloji xüsusiyyətindən asılı olaraq müəyyən edilir. Üzüm bitkisinin kəsilməsində ən mühüm məqamlardan biri bar barmaqlarının optimal uzunluğunun təyin edilməsidir.

Zoğun uzunu boyunca yerləşən tumurcuqların hamısı potensial barlılıq xüsusiyyətinə malik olsalar da, onlar sortun bioloji xüsusiyyətindən, konkret torpaq-iqlim şəraitindən, tənəyin forma və yükündən və s. asılı olaraq müxtəlif olur Elə sort var ki, onlar uzun budandıqda, digər sortlar isə qısa və orta budandıqda yüksək məhsul verir. Bir sıra sortlar mövcuddur ki, onlar həm qısa, həm də uzun budandıqda da yüksək məhsul verir. Ona görə üzüm becərən sahibkarlar, mütəxəssislər, həvəskar üzümçülər konkret şəraitdə hər bir sorta fərdi yanaşmalı və onların bar zoğlarının kəsilmə uzunluğuna münasibətini müəyyən etməlidirlər. Yeri gəlsə hətta təcrübə məqsədilə bir neçə il becərdikləri sortlar üzərində müşahidə də aparıb, sortlara xas kəsmə uzunluğunu aydınlaşdıra bilərlər.