Şəkər çuğundurunun qida tələbləri
Gübrələmə sistemi elə tərtib olunmalıdır ki, o, bitkini ilk inkişaf fazalarından məhsul yığımına kimi optimal səviyyədə təmin edə bilsin. Gübrələmədən əvvəl torpaqda mövcud olan bitki qida səviyyəsini bilmək lazımdır. Bunun üçün prosedura uyğun olaraq torpaq nümunəsi analizini aparmaq , gübrələrin miqdarını və növlərini müəyyənləşdirmək mütləq lazımdır. Gübrələmədə nəzərə alınacaq ən vacib məqam gübrəni bitkinin ehtiyac duyduğu qədər və vaxtında verə bilməkdir. Gübrələrin natamam və ya həddindən artıq istifadəsi məhsul və keyfiyyətdə azalmaya səbəb olacaqdır. Gübrələrinin əsas norması payızda, şumaltına, sonra isə səpinlə birlikdə cərgələrə, suvarma şəraitində isə bunlara əlavə olaraq, vegetasiya dövründə yemləmə gübrəsi də verilir. Şəkər çuğunduru üçün ən zəruri maddələr azot, fosfor, kalium, kalsium, maqneium, kükürd və dəmirdir. Bu maddələrdən azot, fosfor və kükürd zülali maddələrin tərkibinə daxil olur, qalan maddələr isə bitki orqanizmində müxtəlif maddələrin mübadiləsində və hüceyrələrin quruluşunda iştirak edir.
Azotlu Gübrələr: Çuğundur əkinçiliyində istifadə olunan əsas azotlu gübrələr Ammonium Sulfat, Ammonium Nitrat və Karbamiddir. Azotlu gübrə lazım olduqdan çox istifadə olunursa, istehsal mərhələsində məhsul azalır və ətraf mühitin çirklənməsinə səbəb olur. Azot gübrəsinin tətbiqi məhsul yığımından ən azı 2,5 ay əvvəl dayandırılmalıdır. Hər hektardan 30 ton şəkər çuğunduru alındıqda, bu bitki 120-160 kq azot, yəni, dənli taxıl bitkilərində olduğundan (3 t/ha məhsuldarlıqla) 1,9-2 dəfə çox azot tələb edir. Azotun çatışmaması birinci növbədə bitkinin boyverməsini zəiflədir. Bununla yanaşı toxum cücərən dövrdə torpaqda azotun həddən artıq olması, cücərtilərin sıxıntı çəkməsinə səbəb olur. Xüsusən, bitkinin şəkər toplama fazasında azotun çox olmasına heç vaxt yol vermək olmaz.
Fosfor: Şəkər çuğunduru azot və kaliuma nisbətən fosfora az tələbkardır, lakin bu elementin yüksək məhsulun formalaşmasında rolu böyükdür. Fosfor yarpaqların boyverməsini yaxşılaşdırır və köklərin torpağın daha dərin qatlarına getməsinə əlverişli şərait yaradır. Çuğundur əkinçiliyində istifadə olunan əsas fosfor gübrələri Üçqat Super Fosfat və Super Fosfatdır.
Kalium. Bu qida maddəsi şəkər çuğunduru üçün azot və fosfor kimi vacibdir. Тorpaqda kalium maddəsi çatışmadıqda kökümeyvə və şəkər məhsulu azalır. Şəkər çuğunduru yaşama fəaliyyətinin birinci ili kaliumu azotdan 1,5-2 dəfə, fosfordan isə 4-5 dəfə çox sərf edir. Çuğundurun torpaqda kaliumdan istifadəsi cücərmədən məhsul yığımına kimi davam edir. Ancaq, bu elementə nisbətən çox tələbat bitkinin cavan vaxtında, yəni üçüncü-dördünçü cüt yarpaqlar fazasında baş verir. Torpaqda kalium çatışmadıqda, yarpaq və kökümeyvənin boyverməsi zəifləyir, yarpaqlar soluxur.
Üzvi gübrələr: Üzvi maddələrin tətbiqi ilə torpaq möhkəm bir quruluşla təmin edilir, su tutma qabiliyyəti artır. Üzvi gübrələr torpağın makro və mikroelementlərlə zənginləşdirməklə yanaşı torpağın turşuluğunu azaldır, onun səthinə yaxın təbəqədə karbon qazının miqdarını artırır. Bu isə torpağı humusla zənginləşdirmənin əsas vasitələrindən biridir.