Üzüm sahələrində torpaqların becərilməsi
Üzümçülükdə torpaq becərilməsi - alaq otlarına qarşı mübarizə, torpağın havalandırılması və istiləşməsi, torpaqdakı bitki qidalarının qəbulunu asanlaşdırmaq və itkilərin qarşısını almaq istiqamətində effektiv təsirə malikdir. Torpaq işlənməsinin əsas məqsədlərindən biri də üzüm bağlarındakı alaq otlarını yox etməkdir. Çünki alaq otları torpaqdakı su və qida maddələrinin istifadəsinə mane olur və keyfiyyətinə mənfi təsir göstərir.
Üzümün kökləri yaxşı havalanmayan torpaqlarda kifayət qədər inkişaf edə bilmədiyi üçün su və qida qəbulu azalır və inkişaf zəifləyir. Bu tip torpaqlarda üzüm kökü dərinliyə gedə bilməz, buna görə qışda şiddətli şaxtalar və yayda həddindən artıq istilər səbəbilə zədələnə bilər. Bu səbəbdən torpağın becərilməsi ilə havalandırılması, üzüm köklərinin daha da dərinləşməsinə və və daha da böyüməsinə imkan verir, həmçinin aşağı və yüksək temperaturun zərərli təsirlərinin qarşısını alır.
Üzümlüklərdə torpağın payız dövrü becərilməsində cərgəaralarını 20-25 sm dərinliyində şumlamaq (altını üstə çevirmək) ən mühüm tədbirlərdən biridir. Tənəklərin dibləri də bellənərək (20-25 sm dərinliyində) torpaq çevrilir. Bu zaman torpağın nisbətən münbit olan üst qatı alta çevrildikdə tənəklərin sorucu köklərinin əsas kütləsinə yaxınlaşır və yazda vegetasiya başlayarkən köklərin qidalı maddələri bol-bol qəbul etməsinə imkan verir. Buna görə də tənəklər yaxşı inkişaf edirlər. Hazırda üzümlüklərin şumlanması və tənəklərin cərgələri altında qalan zolaqların torpaqlarını becərmək üçün bütün relyeflərdə işləyə bilən traktorlar geniş istifadə edilir
Zənginləşmiş torpaqlarda erkən yazda alaq otları sürətlə inkişaf etməyə başlayır. Əgər alaqlar tezliklə məhv edilməzlərsə, onlar torpağın rütubət və qidasını alaraq, torpağı həm qurudur, həm də onun qidalı maddələrini azaldırlar. Eyni zamanda yazqabağı torpağın kəltənləri əzilməzsə və səthi hamarlanmazsa, günəş torpağı qızdıran kimi o öz nəmliyini itirməyə, suyu buxarlandırmağa başlayır. Bunun qabağını almaq üçün tənəklərin tumurcuqları açılana kimi cərgəaraları 18-20 sm dərinliyində şumlanaraq alaq otları məhv edilməli, eləcə də, tənək diblərindəki alaqlar isə bel və ya toxalar ilə məhv edilməlidir (torpağın birinci yaz becərilməsi).
Şumlama zamanı torpağın narınlanması və dənəvər olması üçün kotanın dalına dişli mala qoşulmalıdır. Kotanın dalına qoşulan mala torpaq səthini lazımınca narınlaşdıra bilməzsə, əlavə kultivasiya ilə buna nail olmaq lazımdır. Bundan sonra bütün yaz və yay ayları aparılacaq torpaq becərilməsində məqsəd alaqları məhv etmək, torpağın üstündə əmələ gələn çatları, qaysağı ləğv etməkdən ibarət olmalıdır. Eyni zamanda torpağın normal havalanması və rütubətin saxlanılması üçün vaxtaşırı cizel-kultivatorlarla torpağı çevirmədən 15-20 sm dərinliyində yumşaltmaq lazımdır. Hər dəfə üzümlüklər suvarıldıqdan, yaxud yağışlar yağandan sonra torpağın səthində qaysaq və çatlar əmələ gəlir. Hər suvarmadan, yaxud yağışlardan sonra torpaq adi kultivatorlarla və ya cizel-kultivatorlarla, kotanlarla becərilməlidir. Ümumiyyətlə, bütün yaz və yay aylarında torpaqların alaqlardan azad, üstü narın dənəvər və içərisi yumşaq halda saxlanılması məqsədəuyğundur.