Kartof əkinində düzgün suvarma qaydaları
Suvarma bitkilərin böyüməsi üçün əsas proseslərdən hesab olunur. .Ancaq bitkilərin su ehtiyacları bir-birindən fərqlidir. Kartof istehsalında su çatışmazlığı istehsalı məhdudlaşdıran amildir. Yüksək keyfiyyətli məhsul əldə etmək üçün vaxtında və kifayət qədər su təchizatını təmin etmək ilkin şərtlərdəndir.
Vegetasiya ərzində bir kartof kolu təxminən 50 litrədək su mənimsəyir. Dəmyə şəraitində təsiredici maddə hesabı ilə kartof əkininin hər hektarına verilmiş 150 kq azot gübrəsi məhsuldarlığı 50-100 sentner artırdığı halda, suvarma şəraitində bu rəqəm 2 dəfə artaraq 120-200 sentner ola bilər. Torpaq-iqlim şəraitindən, sort xüsusiyyətindən və istehsal təyinatından asılı olaraq vegetasiya müddətində kartof bitkisinin bir hektarının suvarılma norması 800-dən 5000 kubmetrədək dəyişilir.
Kartofun suvarlıması planlaşdırılmış məhsuldarlığın əsas becərmə texnologiyasıdır. Torpağın ən yüksək nəmlik tutumuna görə suya tələbatı aşağıdakı kimidir: cücərtilər əmələ gələnə qədər 65-70 %; qönçələmə fazasında 75-85 %; şaxlar soluxan dövrdə 60-65%. Respublikanın suvarılan rayonlarında cücərməyə qədər 1-2 dəfə, kütləvi çiçəkləmə dövründə və bundan sonra 2-3 dəfə suvarılır.
Kartof əkinində suvarmanın nə vaxt aparılmalı olduğunu müəyyənləşdirmək üçün aşağıdakı qaydalar tətbiq edilə bilər:
a- Suyun mövcudluğuna görə, məsələn həftədə bir dəfə
b- toxumluq yumruların altındakı torpaq qurumağa başlayırsa
c- Torpaq səthindəki buxarlanma baş verərsə .
Əkin dövründə torpaqda kifayət qədər rütubət olmadığı halda çıxış suyu verilməlidir. Əgər çıxışdan sonrakı erkən inkişaf dövründə torpaqda faydalı su azalıb quraqlıq hiss olunarsa və bitkilərdə solğunlaşma əlamətləri görünərsə, təxminən 15-20 gün aralıqlarla 1-ci və 2-ci suvarılma aparılmalıdır.
Torpaqda mövcud olan nəm miqdarı da bitkilər üçün çox vacibdir. Bu proses torpağın su tutma qabiliyyəti, kök sisteminin dərinliyi, yeraltı suyun səviyyəsi, kimi amillərdən asılıdır. Suvarma tezliyi və suvarmada veriləcək suyun miqdarı bitkinin inkişafı, torpaq növü və kök sisteminin dərinliyi,hava şəraiti kimi amillərdən asılıdır. Duz yığılması halları xaricində, istehsal mövsümündə torpağa lazım olan su miqdarından çox su verilməməlidir.