Kartofun düzgün əkin qaydaları

17 February 2021

Kartofun düzgün əkin qaydaları

Düzgün əkin, kartof məhsulunun  tarladan  anbara qədər  keyfiyyətli olmasına təsir göstərir. Uğurlu əkin eyni zamanda bitki örtüyünü də inkişaf etdirir.  Bir çox amillərə görə, ən uyğun əkin dərinliyini təyin etmək çətindir. Əkin dərinliyi  torpaq səthi ilə toxum yumrularının üst hissəsi arasındakı məsafə kimi qəbul edilir. Toxumların basdırılma dərinliyi, adətən yumruların diametrinə uyğun aparılmalı, yumşaltma və dibdoldurma zamanı basdırılmış toxumların üzərinə əlavə olunan torpaq qatı 5-7 sm çox olmalıdır. Səthi əkində  0-2 sm, orta dərin əkində 2-5 sm, dərin əkində 5 sm-dən çox əkin dərinliyi  olmağı məqsədəuyğundur. Təpənin hündürlüyündən asılı olaraq, dərin əkilmiş yumru yalnız 10 sm torpaq qatı ilə, səthi əkilmiş yumru isə 15 sm və ya daha çox torpaq qatı ilə örtülə bilər. Dəyaz əkin soyuq şəraitlərdə daha əlverişlidir. Dərinə əkmək mexaniki yığım zamanı qaldırıcıya  böyük çətinlik yaradır. Torpağın ağır olduğu yerlərdə yumşaq torpağa nisbətən bu daha zərərli olacaqdır. Çeşit müxtəlifliyi də əkin dərinliyində mühüm rol oynayır. Bu da əkinçinin çeşidlərin xüsusiyyətlərini bilməsini vacib edən amillərdəndir.

Dərin əkinə əlavə olaraq, torpaq örtüyünün dərinliyidə bitkinin əmələ gəlməsinə təsir edir. Əkin apararkən, torpağın temperaturu aşağıdırsa və ya toxum aşağı keyfiyyətlidirsə, dəyaz torpaqlama aparılır. Məhdud torpaq örtüyü bitkinin tez çıxmasına səbəb olacaq. Başqa sözlə dərin torpaq qatı ancaq isti temperaturda və güclü toxuma tədbiq edilə bilər. Dəyaz əkin zamanı, və ya torpaq qatı nəzik olduqda, növbəti mərhələdə dibinə əlavə torpaq verilməlidir. Yaxşı düzəldilmiş təpəcik yumrunun maneəsiz inkişafında vacibdir. Sağlam doldurulmuş kartof dibləri kartofun çölə çıxmasının qarşısını alır. Yüksək təpəciklər yüksək temperatura və kartof güvələrinə qarşı ən yaxşı müdafiədir. Əgər iqlim isti və quraqdırsa, və əkindən sonra sulama vacibdirsə, əkin və torpaqlama arasındakı müddət qısa olmalıdır.

Əkin zamanı cərgələrarası məsafə becərilən kartofun çeşidindən, böyümə şəraitindən və nəzərdə tutulmuş yumru ölçüsündən asılıdır. Cücərtilərin orta sayı gözlənən köklərin sayının ən yaxşı göstəricisidir. Köklərin sayı cərgədəki yumruların tələb olunan məsafəsini müəyyən edir. Ona görə də, doğru məsafəni müəyyən edə bilmək üçün toxum yumrularından yaranan cücərtilərin orta sayını müəyyənləşdirmək vacibdir. Toxumların üzərindəki cücərtilə saymaq ən yaxşı üsuldur. Kartof əllə, yarımmexaniki və tam mexanikləşdirilmiş üsulla əkilməklə cərgədə yumruların biri-birindən eyni məsafədə basdırılması gözlənilməlidir. Bitki sıxlığı nə qədər yüksəkdirsə, yığılacaq yumru ölçüsü o qədər kiçik olur. Bu səbəblə toxumluq kartof  istehsalında ərzaq məqsədilə əkilən kartofla müqayisədə  daha çox sap sayı tövsiyyə olunur. Cərgələrarası məsafənin normada, yəni 70-75 sm aralığında olması alət və maşınlara qulluq zamanı bitki yaşıl hissələrinin, köklərinin və kök yumrularının zədələnməsinin qarşısını alır və xəstə bitkilərin aşkarlanmasını və çıxarılmasını asanlaşdırır. Məsafənin daralması suvarma suyunun kök zonasına asanlıqla çatmasına və torpaq, işıq, su və qida maddələrindən faydalanma səmərəliliyini artırmasına imkan verəcəkdir.