Şəkər çuğundurunun ekoloji tələbləri
Şəkər çuğundurunun inkişafının intensivliyi , eləcə də məhsuldarlığı ətraf mühit amillərindən asılıdır. Temperatur həddi, nəmlik, qida maddələri və işıq bitkinin iqlim tələblərində həlledici amillərdir. İqlim faktorları çuğundurda kök məhsuldarlığı və şəkər olması baxımından çox əhəmiyyətlidir.
İşıq və Temperatur: Xüsusilə, məhsul yığımından bir neçə həftə əvvəl temperatur şəkər əmələ gəlməsi üçün çox vacibdir. Bitkinin ilk böyümə və şəkər toplanması üçün idela dərəcə 18-23 0 C hesab edilir. Artıq 2-3 0 C temperaturda toxumun şişməsi və cücərməsi mümkündür. Ancaq, bilmək lazımdır ki, belə aşağı temperatur şəraitində cücərtilərin, xüsusilə zəifləmiş cücərtilərin torpaq səthinə çıxması üçün 45-60 gün tələb olunur. Əgər toxumun çücərmə temperaturunu 6-8 0 C götürsək, o zaman cücərtilərin torpaq səthinə çıxması üçün cəmisi 10-15 gün tələb olunur. Çuğundur uzun gün bitkisi hesab edilir. Günəş işığı kök və şəkərin yaranmasında çox vacib ünsürlərdəndir. İlk baxışdan istilik işığdan daha vacib görünsə də, istilik artdıqca işığa ehtiyac da parallel olaraq artır. Gündüz çox uzun olduqda və bitki arasıkəsilmədən işığa məruz qaldıqda çuğundurun ilk ilində çiçək verən bitkilərin miqdarı artır.
Nəm tələbatı: Keyfiyyətli məhsul üçün toxum yatağı kifayət qədər nəm olmalıdır. Xüsusilə yarpaqların inkişafı içuğundurun su ehtiyacını artırır. Böyümə dövrlərində suya ehtiyac yüksəkdir və az yağış yağan bölgələrdə mütləq suvarma aparılmalıdır. Məhsulun hər bir quru maddəsinə 350-450 su vahidi sərf olunur. Тoxumun şişməsi və cücərməyə başlaması üçün şəkər çuğunduru torpağın üst qatında (0-10 sm) yüksək nəmlik tələb edir. Bu inkişaf prosesi üçün toxum yumaqçığı öz kütləsinin 150-170%-i qədər nəmlik hopdurmalıdır.
Torpaq tələbatı: Çuğundur üçün becəriləcək torpaqlar çox yaxşı su və qida tutumu qabiliyyətinə sahib olmalı, qaysaq bağlamamalı və yaxşı torpaq dərinliyinə sahib olmalıdır. Çuğundur becərilməsi üçün ideal torpaq dərin, asanlıqla qızdırılan və üzvi maddələrlə zəngin qumlu, əhəngli torpaqlardır. Çuğunduru boz-meşə, çimli-podzollaşmış, şabalıdı və boz torpaqlarda da becərmək olar. Bu torpaqlar eyni zamanda neytral reaksiyalı və ya zəif turş reaksiyası və yaxşı su-fiziki xüsusiyyətlərə malik olmalıdır.