Pambığın düzgün qulluq qaydaları
Pambıqçılıqda hər hansı bir tədbirin gecikdirilməsi, yaxud keçirilməməsi məhsuldarlığın azalmasına müəyyən qədər təsir göstərir. Bunlardan ən əsası pambığa düzgün qulluq qaydalarıdır.İlk olaraq bitkinin yaxşı inkişafı və sürətli böyüməsiüçün seyreltmə prosesi tələb olunur. Sıx çıxış alınmış sahələrdə pambığın 3-4 yarpaq fazasında, təxminən bitkinin boyu 10-15 santimetr olduqda seyrəltmə aparılmalıdır və 10-15 gün müddətində başa çatdırılmalıdır. Pambıq tarlasında kökçürümə xəstəliyi müşahidə edildikdə yoluxmuş bitkiləri kənarlaşdırmaq üçün ikinci dəfə seyrətmə aparılır. Seyrəltmə başa çatmamış tarlada bitkilərə yemləmə gübrəsinin verilməsi məsləhət deyil. Çünki bu zaman qida maddələrinin xeyli hissəsi sahədən kənar edilən bitkilərlə aparılır. Seyrəltmə zamanı cərgələrdə bitkiarası məsafə bərabər saxlanılmalıdır. Cərgəarası 60 santimetr olan əkinlərdə bitkiarası 12- 15 santimetr, cərgəarası 90 santimetrlik əkinlərdə isə 10-11 santimetr saxlanmalıdır. Hər iki halda hektarda 96-110 min ədəd kol olmalıdır. Münbit, torpaq qatı qalın, su ilə təminatı yaxşı olan sahələrdə hektarda saxlanılan bitkilərin sayını bir qədər azaltmaq lazımdır. Zəif, şoran, torpaq qatı dayaz, çınqıllı, su təminatı zəif torpaqlarda isə bitki sıxlığını bir qədər artırmaq mümkündür. Bəzən dəqiq əkinçilik prinsiplərinə əməl edilərsə, qeyd olunan əməliyyatlar içərisində seyrəltmənin aparılmasına ehtiyac yaranmaz.
Ucvurma bitkilərin inkişafını lazımi istiqamətdə tənzimləyən bir vasitədir. Ucvurma (bitkinin boy nöqtəsinin qoparılması) ilə bitkinin boyu nizamlanır, kol yığcam formaya düşür, bitkinin böyüməsinə sərf olunan qida maddələri bar orqanlarına axır, qönçələrin, çiçəklərin, qozaların çox tökülməsinin qarşısı alınır, yetişmə tezləşir, qozanın çəkisi və məhsulun keyfiyyəti artır. Ucvurma yalnız vaxtında aparıldıqda yüksək səmərə verir. Ucvurma kol üzərində 1012, maksimum 13-14 bar budağı əmələ gəldiyi dövrdə aparılmalıdır. Burada pambığın əsas gövdəsində boy tumurcuğu yerləşən uc hissəsi təxminən 6-7 santimetr uzunluğunda qoparılır. Pambıqda ucvurma onun baş hissəsinin kəsilməsidir Ucvurma zamanı kolun çox uzanmış yan budaqlarının da uc hissəsi 3-4 santimetr uzunluğunda vurulur. Ucvurmanın vaxtında aparılması sovkaya qarşı mübarizəyə də xeyli kömək edir. Belə ki ucvurma, əsasən, sovka kəpənəklərinin ikinci nəslinin yumurta qoyduğu müddətə düşür. Kəpənəklər yumurtalarını bitkinin, əsasən, böyüməkdə olan cavan zoğlarının yumşaq yarpaqları və uc hissəsindəki qönçələrin üzərinə qoyur.
Suvarma pambıq istehsalında məhsulun keyfiyyətinə təsir göstərən əsas amillərdən biridir. Suvarma müddəti və veriləcək suyun miqdarı, bitkinin suya tələbat əlamətlərinə və torpaqdakı nəm vəziyyətinə baxaraq təyin olunur. Suvarma intervalı və suvarma sayı becərilən pambıq sortundan, torpaq xüsusiyyətlərindən, yeraltı suyun hündürlüyündən, yağış miqdarından və paylanmasından, bitki örtüyü dövründə havanın temperaturu və nisbi rütubətindən asılı olaraq dəyişir. Həddindən artıq suvarma bitki hündürlüyünün böyüməsinə və məhsulun azalmasına, göbələk xəstəliklərinin artmasına, bəzi zərərvericilərin sıxlığının artmasına, keyfiyyətinin azalmasına və bitki qidalarını torpaqda yuyulmasına səbəb olur. Gec aparılacaq suvarma baramanın çürüməsi ilə nəticələnə bilər. • Mexaniki tərkibi yüngül, zəif olan və qrunt suları dərində yerləşən sahələrdə pambıq bitkisini qısa intervallarla suvarmaq, suvarmaları erkən başlamaq və gec qurtarmaq lazımdır. Belə torpaqlar çiçəkləməyədək 1-2 dəfə, çiçəkləmə və bar əmələ gətirmə dövründə isə 3-4 dəfə suvarılmalıdır; • Rütubət tutumu çox olan, qalın şum qatına malik torpaqlarda pambıq nisbətən az suvarılmalı, həm də suvarmalar bir qədər gec başlanılmalı və tez başa çatdırılmalıdır; • Qrunt suları 1.5-2 metr dərinlikdə yerləşən boz və çəmən torpaqlarında birinci suvarmanı çiçəkləmədən əvvəl və ya çiçəkləmənin başlanğıcında başlamaq, çiçəkləmə və bar əmələgətirmə dövründə isə 2-3 dəfə su vermək lazımdır.
Alaq otları, pambıq bitkisinin suyundakı, işığındakı və torpağındakı qidalar üçün ortaq olan, xəstəlik və zərər verən, pambıq yığımını çətinləşdirən və mübarizə aparılmadığı zaman məhsulun azalmasına səbəb olur. Onların geniş və ya dar yarpaqları ola bilər. Alaq otları ilə mübarizə müxtəlif dövrlərdə aparıla bilər əkin öncəsi, əkin zamanı və əkin sonrası. Əkindən əvvəl tətbiq olunacaq dərmanlar əkilmədən 1-20 gün əvvəl torpağa verilməli və 5-7 sm dərinliyə qarışdırılmalıdır. Pambıq tarlasında ən çox yayılan və məhsuldarlığa ciddi ziyan vuran alaqlar, əsasən, qanqal, turpəng (sarı çiçək), çayır, kalış otu, pıtraq, qızıl pencər, ilişən qıllıca, unluca, sarmaşan qarabaşaq, tarla sarmaşığı, tarla sirkəni və s. hesab edilir. Adları çəkilən alaq otları əkin sahələrində tez və sürətlə böyüyür, pambığın inkişafına və məhsuldarlığına ciddi təsir edərək bitkini kölgədə qoyur, günəş işığından məhrum edir. Alaq otları xarici mühitin bütün təsirlərinə qarşı dözümlü olduqları üçün özlərinin yaşamaq və çoxalmaq qabiliyyətlərini uzun müddət saxlaya bilir. Alaq toxumları əlverişsiz şəraitdə belə torpağın alt qatında (25-30 santimetr) cücərmə qabiliyyətlərini 5-7 il saxlaya bilir. Bu cür qorxulu alaq otlarına qarşı mübarizədə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılması vacib şərtdir.