Pambığın düzgün vegetasiya və kultivasiya qaydaları
Pambığın düzgün vegetasiya və kultivasiya qaydaları
Pambığın intensiv texnologiya ilə becərilməsi aqrotexniki, meliorativ və təsərrüfat-təşkilati tədbirlərin yüksək və davamlı xam pambıq məhsul istehsalına yönəlmiş elmi cəhətdən əsaslandırılmış sistemidir. Bu texnologiya torpaq, su və mal-material ehtiyatlarından səmərəli istifadəni, əmək tutumunu aşağı salmağı, torpaq münbitliyini yüksəltməyi və ətraf mühiti çirklənmədən qorumağı təmin etməlidir.
Vegetasiya suvarmaları qaydaları
Yüksək pambıq məhsulu yetişdirmək üçün aqrotexniki tədbirlər kompleksində vegetesiya suvarmaları həlledici rol oynayır. Pambıq əkinlərində suvarılmanın tez-tez və çox su norması ilə aparılması, habelə gecikdirilməsi eyni dərəcədə zərərlidir. Tez-tez və çox su norması ilə suvarma bitkilərin kökü yerləşən torpaq qatından qida elementlərinin yuyulmasına, torpaqda həddinən artıq rütubət yaranmasına, qozaların açılması və məhsulun yetişməsinin ləngiməsinə səbəb olur. Suvarma gecikəndə pambığın böyümə və inkişafı ləngiyir, bar elementlərinin tökülməsi artır, məhsuldarlıq azalır. Bu isə elə nizamlanmalıdır ki, pambıq bitkiləri bütün vegetasiya dövründə su ilə normal təmin olunsun. Suya tələbatına görə pambıq bitkisinin vegetasiya dövrü üç mərhələyə bölünür: çiçəkləməyə qədər, çiçəkləmə - bar əmələgəlməyə qədər, qozaların açılması-yetişməyə qədər. Mexaniki tərkibi nisbətən yüngül, torpaq qatı dayaz və qurunt suyunun səviyyəsi dərin olan torpaqlarda pambıq bikisini tez-tez suvarmaq, suvarmaları erkən başlamaq və gec qurtarmaq lazımdır. Belə torpaqlarda çiçəkləməyədək 1-2, çiçəkləmə və barəmələgəlməyədək 3-4 dəfə suvarma aparılmalıdır. Rütubət tutumu yüksık olan ağır mexaniki tərkibli, qalın torpaq qatına malik sahələrdə pambıq nisbətən az suvarılır, həm də suvarmalara bir qədər gec başlamaq və yüngül torpaqlara nisbətən tez başa çatdırmaq lazımdır. Çiçıəkləmə-barəmələgəlmə dövründə pambıq bitkisinin suya tələbatı artır. Bu zaman pambıq bitkisi kifayət qədər su ilə təmin olunmazsa, bar orqanlarının tökülməsinə, qozaların sayının və çəkisinin az olmasına, nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Vegetasiya suvarmalarında torpağın su ilə islanma dərinliyi vegetasiyanın əvvəli və axırında (çiçəkləməyədək və yetişmə mərhələsində) 50 sm, vegetasiyanın orta mərhələsində (çiçəkləmə, qoza əmələgəlmə) ən çoxu 1 metr olmalıdır. Suvarma norması vegetasiyanın başlanmasından çiçəkləmə-bar əmələgəlmə dövrünədək artırılır, yetişməni sürətləndirmək məqsədi ilə vegetasiyanın axırında bir qədər azaldılır. Suvarma norması quruyan torpaq qatının dərinliyinə və torpağın mexaniki tərkibindən asılı olan rütubət tutumuna uyğun müəyyən edilir. Yüngül mexaniki tərkibli torpaqlarda suvarma norması 700-800 kub metr, ağır mexaniki tərkibli torpaqlarda isə 900-1000 kub metr götürülür. Yalnız düzgün suvarma rejimində bitkilərin kök sistemi torpağın üst və dərin qatlarında mütənasib yerləşir, kolun boyu çox hündür olmayıb buğum araları qısa, yaxşı bar verən və tez yetişən olur. Adətən birinci vegetasiya suvarmasına iyun ayının ikinci yarısından başlayır.
Kultivasiya necə həyata keçir?
Ən mühüm aqrotexniki tədbirlərdən biri cərgə aralarının yumşaldılmasıdır. Bu tədbir vaxtında aparıldıqda torpağın üst qatı normal nəmlikdə, yumşaq və dənəvər halda qalır, həmçinin kökçürümə xəstəliyinin qarşısı alınır. Torpaqda rütubəti qorumaq, havalanma getməsinə nail olmaq, zərərli duzların səthə çıxması və alaq otlarını məhv etmək məqsədi ilə cərgələrdə cücərtilər görünəndə kultivasiya başlanır. Bu tədbir gecikəndə bitkilərin inkişafı ləngiyir. Kultivasiyanın keyfiyyətli işçi orqanlarının daim iti saxlanmasından, düzgün komplektləşdirilməsindən asılıdır. 60 sm-lik cərgə araları olan əkinlərdə becərmənin en götürümü 40-45, 90 sm-lik əkinlərdə 70-75 sm olmalıdır. Alaqlı sahələrdə birinci kultivasiya zamanı kultivatorun hər qoluna iki ədəd (sağ və sol) disk, iki ədəd yastı kəsici bıçaq (ülgüc), darcərgəli əkinlərdə əlavə olaraq bir, gencərgəli əkinlərdə isə 2 ədəd oxşəkilli (qazayağı) pəncələr bağlanır.
Sahələr alaqsızdırsa, birinci kultivasiyadan başlayaraq ensiz yumşaldıcılardan istifadə edilir. Rütubətli torpaq təbəqəsinin üzə şıxmasının qarşısını almaq üçün oxşəkilli pəncələr kiçik yumşaldıcılardan qabaqda yer səthinə perpendikulyar bağlanır. Körpə cücərtilərin üstünün torpaqla örtülməsi üçün birinci kultivasiya zamanı işçi orqanlar sırasına mütləq disk əlavə oılunmalıdır. Bitkilərin iki əsas yarpaq dövründə kök sistemi dayazda olur. Ona görə birinci kultivasiya 6-7 sm dərinlikdə çəkilir. Suvarma dövrünə qədərki kultivasiyalar 10-12 sm dərinlikdə aparılır. Şırımın dırinliyi cərgəarası 60 sm olan əkinlərdə 12-18 sm, cərgəarası 90 sm olan əkinlərdə 15-20 sm olur.
Хлопок другая информация о
BİZƏ ABUNƏ OLUN
Sizi maraqlandıran mövzuları seçin