Şəkər çuğundurunun məhsulun yığımı
Şəkər çuğundurunun məhsulun yığımı
Şəkər çuğunduru becərilməsinin sonu olan məhsul yığımı tarla işlərinin ən çox əməktutumlusu və ən mürəkkəbidir. Bu prosesdə çoxlu işçi qüvvəsi və onların idarə etdiyi şəkər çuğunduru yığan konbayn, traktorlar, avtomobillər və digər texnika iştirak edir. Kütləvi məhsul yığımı payızın yağışlı günlərinə düşür ki, bu da əlavə çətinliklər yaradır. Şəkər çuğundurunun kökümeyvələri texniki yetişkənliyə çatdıqda böyüməsi və şəkərtoplanmasının intensivliyi azalır, hüceyrə şirəsi açıq rəng alır, yarpaqlar solğunlaşır, aşağı yarpaqlar saralır. Məhsulun toplanması havanın orta temperaturu 6-8° C-yə enənə qədər davam edir. Lakin heç də həmişə məhsul yığımı şəkərliliyin ən yüksək həddə çatan vaxtına düşmür. Şəkər çuğundurunun yığılma vaxtı şəkər zavodunun iş qrafikinə uyğunlaşdırılır. Zavodun çox boş dayanmaması üçün kökümeyvələr oktyabrın ortalarından başlayaraq noyabrın 1-ci ongünlüyünə qədər yığıla bılər.
Məhsul yığımı elə təşkil edilmılidir ki, şəkər zavodunuin fasiləsiz işi mövsüm ərzində pozulmasın. Buna görə yarpaqları saralmış, az yarpaqlı sahələrin məhsulu əvvəlcə yığılır.
Şəkər çuğunduru yığan maşının sahəyə sərbəst girməsini təmin etmək üçün ilk növbədə dönmə zolağının məhsulu yığılmalıdır. Dönmə zolağı adətən 21,6 metr götürülür ki, bu da şəkər çuğunduru yığan maşının dönüb geri qayıtması üçün kifayət edir.
Itkini azltmaq məqsədi ilə kökümeyvə çıxaran maşının izi ilə 3-5 nəfər işçi hərəkət edərək, yığılmamış, yaxud torpaqda qalmış məhsulu toplamalıdır.
Şəkər çuğundurunun yığılması əsasən 3 üsulla həyata keçirilir: arası kəsilmədən axım, axım-yükünüboşaltma və hər ikisini eyni vaxtda tətbiq etməklə.
Axım metodu ən mütərəqqi və miniumum əl əməyi tələb edən üsuldur. Lakin bu zaman nəqliyyatla tam təmin olunma və hərəkət qrafikinə dəqiq əməl edilməsi tələb olunur. Bu əlaqənin pozulması texnikanın boşdayanması halları ilə nəticələnir. Bundan başqa axım üsulu ilə yığımın təşkili üçün çoxlu miqdarda avtonəqliyyat lazımdır, bu miqdar tarla ilə tədarük məntəqəsi arasındakı məsafə artdıqca çoxalır.
Şəkər çuğundurunun daşınması üçün nəqliyyat vasitələri kifayət etmədikdə, nəmli torpaqda, həmçinin ağır torpaqlarda məhsulun çirklənməsi 8-9 %-ə çatdıqda axın-yükünü boşaltma üsulu tətbiq edilir. Bu halda çıxarılan kökümeyvələrin konbayndan şəkər zavodunun qəbul məntəqəsinə daşınması ilə yanaşı məhsulun bir hissəsi sahənin kənarında 0,8-1,4 metr hündürlüyündə, 1,9-2,0 metr enində və mümkün uzunluqda tığ halında yığılır. Beləliklə, yığılan məhsulun bir hissəsi şəkər zasvodunun qəbul məntəqəsinə, bir qədər gec göndərilir. Bu üsulda avtonəqliyyat vasitələrinə tələbat axın üsulundakına nisbətən 50-60 % azalır.
Geniş tətbiq olunan digər üsulda isə, ilk əvvəl yığılmış məhsul konbayndan sahənin kənarına daşınıb tığlanır, bir müddətdən sonra transportyor vasitəsi ilə nəqliyyatlara yüklənir və şəkər zavoduna daşınır.
Şəkər çuğundurunun sahədə tığlanıb saxlanması üçün onun üzəri mütləq 15-20 sm qalınlıqda torpaq qatı ilə örtülür. Lakin yaxşı olar ki, ilk yığılan çuğundur partiyaları təcili şəkər zavoduna göndərilsin. Yalnız noyabr ayında yağıntılı havalarda yığılan şəkər çuğundurunu açıq tığlarda saxlamaq olar. Tığların torpaqla örtülərək tarlada saxlanması, nəqliyyat çatışmazlığı ilə bağlı məcburi tədbirdir. Burada başlıca məqsəd saxlanma zamanı kütlə və şəkər itkisini azaltmaqdan ibarətdir. Şəkər çuğundurunun yığımdan emala qədər müddəti Azərbaycan şəraitində 100-120 gündən çox olmamalıdır.
Ümumiyyətlə, şəkər çuğundurunun hansı üsulla yığılmasından asılı olmayaraq məhsul təmiz olmalı, yığan maşın elə nizamlanmalıdır ki, çuğundurun üzərində yarpaqların miqdarı onun ümumi kütləsinin 3 %-dən çox olmasın.
Şəkər çuğundurunun toxumçuluğu. Şəkər çuğunduru əkən fermer təsərrüfatlarını yüksək sort xüsusiyyətlərinə və cücərmə qabiliyyətinə malik, birtoxumlu toxumlarla təmin etmək elmi-tədqiqat institutlarının və təcrübə stansiyalarının başlıca vəzifələrindən olmalıdır.
Toxumluq çuğundur növbəli əkində ən yaxşı sələfdən sonra həm də ən münbit və alaqsız yerlərə əkilməlidir.
Bitkinin bioloji xüsusiyyətlərindən asılı olaraq onun toxumçuluğu aşağıdakı sxemlə aparılır
Sənaye əhəmiyyətli sonrakı reproduksiyalı toxumlar isə 2 üsulla istehsal olunur
Toxumluq çuğundurun yetişdirilməsi zamanı tətbiq olunan aqrobioloji tədbirlər texniki çuğundurdakına oxşayır. Bununla belə, toxumluq çuğundurun yetiçdirilməsində əsas məqsəd təkcə yüksək məhsul almaq deyil, həmçinin sortun xüsusiyyətlərinin saxlanması və yaxşılaşdırılmasıdır.
Şəkər çuğunduru torpaqdan çıxarılmadan qışda əkildiyi torpaqda saxlanmaqla toxum almaq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 20 ildən çox müddətdə apardığı təcrübələrdə öyrənilmiş və yaxşı nəticələr alınmışdır.
Müəyyən edilmişdir ki, ikinci üsulla toxum aldıqda ana bitkilər tarla şəraitində 100 faiz qışlayır, hektardan 25 sentnerə qədər yüksək keyfiyyətli toxum verir. Bu üsulla toxum almaq üçün payızlıq buğda, dənli-paxlalı bitkilər, silosluq qarğıdalıdan sonra sahədə (iyul ayında) keyfiyyətli şum qaldırılmalı, torpaq yaxşı gübrələnməli və çuğundur səpininə az qalmış sahə arat edilməlidir.
Alaq toxumları və taxılın yerə tökülmüş dəni kütləvi cücərdikdə sahə çizel kultivatoru və ya yastı kəsən pəncəli kultivatorla 10-12 sm dərinlikdə becərilməli, səpinqabağı isə malalanmalıdır.
Səpinə avqust ayının ikinci yarısından başlamalı və sentyabrın birinci yarısına qədər başa çatdırılmalıdır. Toxumluq çuğundur cərgəarası 60 sm olmaqla nöqtəvi üsul ilə hər paqon metrə 25-30 ədəd və ya hektara 12-15 kq normasında toxum səpilməlidir. Yay səpini zamanı çox da iri olmayan kökümeyvələr qışı normal keçirir və yüksək toxum məhsulu verir (25-30 sha).
Payızda əkinə kultivasiya çəkilməli, alaqlardan təmizlənməli, qışa qədər bir dəfə suvarılmalıdır. Cərgəaralarındakı torpaqları daim yumşaq və nəmli saxlamaq üçün suvarmalardan sonra kultivasiya edilib yumşaldılmalıdır. Toxumluq çuğundur vegetasiya ərzində 4-6 dəfə, hektara 500-700 kub metr suvarma norması ilə suvarılır.
Payızda torpaqda əmələ gəlmiş ana köklər çıxarılmır və sahədə qışlayır.
Birinci ildə bütün aqrotexniki tədbirlər kökün əmələ gəlməsi, onun tərkibində şəkərin və quru maddənin toplanmasına yönəldilir. Nəticədə meyvəköklərin qışlamaya və aşağı tempratura qarşı davamlılığı artır. Ona görə də birinci ildə əkinlərə azot gübrəsinin norması iki dəfə azaldılır, kalium-fosfor gübrəsinin norması isə artirılır.
Vegetasiya becərmələri zamanı əsas tədbirlərdən biri də ucvurma və çiçəkləmənin başlanğıcında və ya kütləvi çiçəkləmə zamanı əsas gövdə üzərində əmələ gələn biclərin 2-3 sm uzunluğunda kəsilməsidir. Ucların və biclərin kəsilməsi əsas gövdənin uzanmasını dayandırır, bu da toxumun miqdarına və keyfiyyətinə müsbət təsir göstərərək məhsuldarlığı 4 sentnerə qədər artırır.
Toxumluq çuğundurun fərqli xüsusiyyətlərindən biri toxumun eyni bitki üzərində və ya bütün tarlada müxtəlif vaxtlarda yetişməsidir. Ona görə də yığıma başlamaq üçün bütün toxumların tam yetişməsini gözləmək lazım deyil. Toxumun yığımına süpürgənin əsas hissəsində meyvəyanlığının 30-40 faizinin qonur rəng alanda başlamaq lazımdır.
Əl ilə yığım zamanı bitkilər 15-20 sm hüdürlükdə kəsilərək cərgənin üzərinə sərilir və 4-5 gündən sonra taxılyığan konbaynla döyülür.
Döyülmüş toxum kütləsi asfalt və ya beton döşəmədə 20-25 sm qalınlığında lay şəkilində yığılmalı, 1-2 gün qurudulmalı, gün ərzində taxta kürəklə 1-2 dəfə çevrilməlidir. Nəmliyi 14 faizdə çox olmayan toxum kütləsi toxumtəmizləyən maşınla təmizlənir. Təmizlənmiş toxumlar kisələrə doldurulmalı, quru və havalanması normal olan anbarlarda saxlanılmalıdır.
Sonda qeyd etmək lazımdır ki, toxumluq çuğundurun əkin sahələri kifayət qədər qida maddələri və nəmliklə təmin olunduğu halda 2-3 il ərzində eyni sahədən ildə 2 dəfə (iyun və noyabr aylarında) toxum yığmaq mümkündür. Toxumun yetişdiyi birinci ildə onun məhsulu və yerüstü hissəsi yığılır, kökümeyvə isə torpaqda qalır. Onlar inkişafını davam etdirir, generativ budaqlar əmələ gəlir və toxum yetişir. İkinci məhsul yığıldıqdan sonra kökümeyvə torpaqda qalır, qışlamadan sonra növbəti ildə daha 2 dəfə məhsul verir.
Günəbaxan haqqında diqər məlumatlar
BİZƏ ABUNƏ OLUN
Sizi maraqlandıran mövzuları seçin