Sümürtkən böcəyi

*ZƏRƏRVERİCİ

  • ZƏRƏRLƏRİ

Taxıl sümürtkən böcəyi sərtqanadlılar sinfinə aid olub qanadüstlüyü tünd şabalıdı rəngdədir. Qanadların əsasında qalxancığın yanında dördkünclü qara ləkə vardır. Bu ləkədən başlayaraq qanadüstlüyünün tikişi boyu tünd qara xətt uzanır. Başı, qabaq kürəkçiyi, qarıncığın altı və ayaqları qaradır. Böyüklüyü 14-20 mm-dir.

  • İNKİŞAF DÖVRÜ

Qidalanma zamanı böcəklər  sünbülü başı ilə eşir və bunun nəticəsində dənlərin bir qismi yerə tökülür. Hər böcək həyatı boyu 7-8 q-a qədər dəni yerə tökür. Yumurtalar adətən yazlıq buğda zəmilərinə, heriklərə və cərgə araları becərilən bitki tarlalarına qoyulur. Yumurtanın inkişafı üç həftəyə başa çatır və sonra sürfə çıxmağa başlayır. Sürfələr aypara (C) formasında bükülmüş olur. Başı açıq qəhvəyi, bədəninin rəngi isə sarımtıl ağdır. Yaşlı sürfələrin uzunluğu 3,5 sm-ə çatır. Sürfələrin inkişafı təxminən 22 aya başa çatır. Bu müddət ərzində onlar iki dəfə qışlayır. Inkişafının birinci ilində sürfələr dənli bitki köklərinin əmici telləri və çürüntü ilə qidalanır.  Sürfələr ikinci dəfə qışladıqdan sonra təxminən mayın axırları, iyunun əvvəllərində torpaqda özlərinə yuvacıqlar düzəldərək, onun içərisində pup halına keçir, 2-3 həftədən sonra bu puplardan böcəklər çıxmağa başlayır.

  • NƏZARƏT VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ

Bitkilərin böyüməsi və yetişməsini sürətləndirən bir sıra aqrotexniki tədbirlər həyata keçirilməlidir. Yazlıq taxılların məhsulu yığılan kimi tarlada dərhal dərin dondurma şumu aparılmalıdır. Bu tədbir aparılan zaman torpağın alt qatında qoyulmuş yumurtalar üst səthə çıxır və quruyaraq məhv olur.

Yazda heriklər və cərgə araları becərilən bitkilərdə dərin kultivasiya aparılmalıdır. Bunun nəticəsində puplar mexaniki zədələnir və kütləvi məhv olur. Böcəklərin qoyduqları yumurtaları məhv etmək üçün kultivasiya iyulun axırı, avqustun əvvəllərində təkrar edilməlidir. Əkin sahələrində növbəli əkin tətbiq edilməli və ya bitkilər növbələşdirilməlidir.